Teymur Rəcəbov: Ümid edirdik ki, Vüqar qayıda biləcək

Şahmatçımız Teymur Rəcəbov azerisport.az saytına müsahibəsində bu gün son mənzilə yola salınacaq qrossmeysterimiz Vüqar Həşimovun şahmat sıralarına dönüşünə ümid etdiyini kədərlə xatırlayıb:
“Desəm ki, bu, Azərbaycan şahmatı üçün böyük itkidir, onda deyilmişləri təkrar etmiş olaram. 2009-cu ilin Avropa çempionatındakı qələbəmizi xatırlamaq istərdim. Vüqar həlledici partiyada hollandiyalı Daniel Stelvaqeni məğlub etdi. Bilirdik ki, çempion olmaq çətin olacaq. Bizə ancaq qələbə yetərli idi. Bu dəmdə “qızıl”a iddialı digər namizəd Rusiya yığması İspaniya komandasına qarşı oynayırdı. Onda Vüqar hər şeyi bizim xeyrimizə həll etdi. Həşimov həmişə komanda yoldaşlarına kömək edib lazımı məsləhəti verə bilirdi. Biz ümid edirdik ki, sıralarımıza dönə biləcək. Mətbuatda yenidən şahmat taxtası arxasına oturmaq istəyi haqqında oxuyurduq. Bu xəbər dəhşətli oldu. Bu sarsıdıcı idi. Belə bir komanda yoldaşımızı itirdiyimizə, onsuz qalmağımıza inanmaq mümkünsüzdür”.