Şəhriyar Məmmədyarov: Şəmkirdəki turnir Vüqar Həşimovun xatirəsinə layiqli yarış olacaq
21 fevral 2014 00:13
İddiaçılar turnirinə hazırlığı davam etdirən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov azerisport.az saytına açıqlamasında apreldə Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turniri barədə danışıb:
"Şəmkirdə keçiriləcək yarış Azərbaycanda təşkil edilən klassik şahmat üzrə ən güclü turnirlərdən birincisidir. Qran-Prini nəzərə almasaq belə mötəbər yarış ölkəmizdə olmayıb. Dünya çempionu Maqnus Karlsen, Hikaru Nakamura, Sergey Karyakin, Fabiano Karuana kimi şahmatçıların iştirakı turnirin səviyyəsindən xəbər verir. Vüqar Həşimovun adına layiq yarış olacaq. Fikrimcə bu mübarizə heç də iddiaçılar turnirindən zəif yarış deyil. Şəmkirdəki turnirdə iştirakçılar arasında yaşca ən böyüyü mənəm. Məhz bu yarışa görə təqvimimdə bəzi dəyişikliklər etdim. Çünki, ardıcıl iki güclü yarışda iştirakı planlaşdırmırdım. Şəmkirə sadəcə iştirak üçün getməyəcəyəm. Ciddi hazırlaşacağam və layiqli çıxış etmək üçün mübarizə aparacağam".