Ubilava: Şəhriyar dünya çempionu olmaq üçün...

Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarovun sabiq məşqçisi Elizbar Ubilava azerisport.az saytına müsahibəsində Shamkir Chess 2014 turnirinin təşkilatçılığı, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun çıxışından, dünya çempionu Maqnus Karlsenin xüsusi istedad olmasından danışıb.
- İlk olaraq izlədiyiniz Shamkir Chess 2014 turniriylə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Turnirin təşkilatçılığıyla bağlı başqa söhbət ola bilməz. Hər şey yüksək standartlara cavab verir. Bir-birindən gözəl partiyalar izləyirik. Təəssüf ki, bu turnir Vüqar Həşimov kimi şahmatçının xatirəsinə həsr olunub. Onun bizi tərk etməsini qəbul etmək hamıya çətindir. Sevindiri haldır ki, böyük insanın şərəfinə belə turnir keçirilir. Hamı kimi mən də turnirin ənənəvi olmasını arzulayıram.
- Bir müddət siz Şəhriyar Məmmədyarovla çalışmısınız. Onun Şəmkirdəki zəif çıxışının səbəbini nədə görürsünüz?
- Səbəb iddiaçılar turniridir. Xantı-Mansiyskə böyük ümidlərlə yollanmışdı. Çünki, qələbə qazanmaq istəyirdi. İddiaçılar turnirində arzusuna çatmayandan sonra müəyyən yorğunluq və boşalma var. Yəni, şahmatçı bütün fikrini Şəmkirdəki turnirə yönəldə bilmir. Zamana ehtiyac var. Özünə gəlmək üçün bir neçə ay lazımdır.
- İddiaçılar turnirində qələbə qazanmasına nə mane oldu?
- Bu ilki iddiaçılar turniri Şəhriyar üçün əsl şans idi. O bu yarışı yüksək yerdə başa vura bilərdi. Əlbəttə, hər bir şahmatçı Xantı-Mansiyskə qələbə üçün gəlmişdi. Hamı özünə inanırdı. Yalnız Anand fərqli idi. Vişvanatan turnirə hələ şahmatda olduğunu sübut etmək üçün gəlmişdi. Onun baxışı belə idi. O, özü də qələbə qazanacağını gözləmirdi. Anand Karlsenə məğlubiyyətdən sonra formada olduğunu nümayiş etdirdi.
- Bəlkə Məmmədyarov son 4 ay heç yerdə oynamamışdı, ona görə...
- Hazırlığı başqa cür olmuşdu. Bir qədər təzyiq hiss edirdi. Çünki, Vətənində ondan nəticə gözləyirdilər. Şahmatda hər bir detal oyuna təsir edir. Əgər qalib gəlmək istəyirsənsə, hər bir kənar amilə hazır olmalısan. Şahmat sadəcə hazırlıq deyil.
- Bəziləri Shamkir Chess 2014-də əsas mübarizənin Rəcəbovla Karlsen arasında olacağını deyir. Razısınız?
- Teymur Rəcəbovun son turnirlərdəki çıxışı məni təəccübləndirirdi. Qeyri-stabil çıxış ona aid deyil. Rəcəbov güclü şahmatçıdır. Buna görə hər zaman yaxşı oyun gözləyirlər. Təmkinlə oynayan Rəcəbovun Şəmkirdə oyunu xoşuma gəldi. Hər zaman belə oyun gözləyirik. Teymur çox təcrübəli və iddialı şahmatçıdır. Fikrimcə ilk yer uğrunda mübarizə olacaq. Bununla belə Karlsen favoritdir.
- Sizcə, Karlsen Şəmkirdə ilk yeri tutmasa bu onun üçün faciə olacaq?
- Xeyr. Maqnus Şəmkirə çox rahat gəlib. Özünə inanır və rahat oynayır. Ananda qalib gəlib dünya çempionu oldu. Şəmkir turnirində əsas mükafatı qazanmasa heç bir problem olmayacaq. O, öz oyunu haqda düşünür. Çətin və maraqlı oynayır. Bəzi partiyalarda hətta eksperiment də edir. Ardıcıl iki məğlubiyyət onu sındırmadı. Ona görə 1-ci yeri tutmasa problem olmayacaq.
- Anandla ikinci görüşdə Maqnusun şansları necədir?
- Mən inanmıram ki, Vişvanatan Maqnusu üstələməyi bacarsın. Maqnus çox güclüdür. Fitri istedad demək olar. Hazırlığın da rolu var. Amma o istedad sayılır. Anand bir qədər yaşlıdır. Artıq o qədər çətin uzun oyunları stabil oynamağı bacarmaya bilər.
- Yəni, doğurdan Maqnusa qalib gəlmək mümkün deyil?
- Maqnus çox güclüdür. Şahmat tarixinə adını yazan gəncdir. Onun nəticələri artıq şahmat tarixinə düşüb. Maqnusa qalib gəlmək üçün gərək normal insandan güclü olasan. Yəni, adi insanın ona qalib gəlməsi çətin görünür (gülür).
- Şəmkirdə parlaq oyun sərgiləyən Fabiano Karuana haqda çoxlu xoş sözlər deyilir...
- Karuana gənc şahmatçıdır. Yaxşı oyunlar sərgiləyir. İstedadı var. Amma onun üzərində necə işləyəcəyi vacibdir. Bilmək olmaz özünü o səviyyəyə çatdıracaq ya yox. Hər bir şahmatçıda potensial tapmaq olar. Lakin o səviyyəyə yüksəlmək üçün dayanmadan çalışmaq gərəkdir. Bəzi şeylərdən məhrum etməlisən özünü. Sıçrayış olub-olmayacağını bilmək olmaz.
- Şəhriyarın dünya tacını qazanmaq şansları necədir?
- Hazırda onunla çalışmıram. Düzdü, İspaniyaya gəlmişdi. Orda bir qədər işlədik. Lakin mütəmadi çalışmırıq. Şəhriyar güclü şahmatçılardan biridir. Ümid etmək lazımdır ki, arzusuna çatacaq. Fikrimcə, ilk olaraq stabil oynamaq lazımdır. Bəzən depressiyalara düşür. Gərək hədəfə doğru çalışasan. Ətrafdakı problemlərə fikir verməyəsən. Ancaq qələbə uğrunda düşünəsən.