Şəhriyar Məmmədyarov təşkilatçılara xahişlə müraciət etdi
1 may 2014 15:15
“Shamkir Chess 2014” turnirinin son turunda Sergey Karyakinlə heç-heçə oynamış Şəhriyar Məmmədyarov təəssüratlarını jurnalistlərlə bölüşüb. Azerisport.az xəbər verir ki, şahmatçımız bunları söyləyib:
"Partiyanın əvvəlində rəqibi təəccüblədirdim. Bu gedişi o, gözləmirdi. Bərabər oyun olduğu üçün çox risk etməyə ehtiyac yox idi. Bu halda, yarışın son turunu heç-heçə ilə başa vurdum. Sözsüz ki, çıxışımdan razı qalmadım. Aqressiv oynayırdım. Bəzən, lazımsız risk edirdim. Qələbə qazanmaq istəyirdim, amma məğlub olurdum. Buradakı çıxışım mənə dərs oldu. Etiraf edirəm ki, yaxşı formada deyiləm. Təşkilatçılara və xüsusilə jurnalistlərə təşəkkür edirəm. İlk gündən bütün media turniri yaxından izləyir. Səmimi etiraf edim ki, dostum və komanda yoldaşım Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə çıxış etmək çox çətin idi. Risk etməyimə səbəb, Vüqara həsr olunan turniri qazanmaq istəyim idi. Vüqar bizi tərk etdi. Amma Azərbaycan şahmatçılarına daim arzuladıqları böyük turniri bəxş etdi. “Shamkir Chess 2014” bütün şahmat dünyasına töhfə oldu. “Synergy Group”a çox sağ ol, deyirəm. Yüksək təşkilatçılığı müqayisə etsək, turnirin dünyada analoqu yoxdur. Heç bir yarışda şahmatçılara belə yüksək diqqət göstərilməyib. Şahmat turnirlərinə görə biz Veyk-An-Ze şəhərini tanıyırıq. İndi Şəmkiri də bütün şahmat aləmi tanıyır. Sonda bir xahişim olacaq: Təşkilatçılardan “Shamkir Chess 2014” turnirini hər il keçirməklə, ənənəvi yarış etməsini xahiş edərdim. Çünki, bu turnir Azərbaycanın böyük oğlu, hamımızın çox sevdiyi Vüqar Həşimova həsr olunub. Ümid edirəm ki, növbəti illərdə Azərbaycan şahmatçıları turnirin qalibi olacaqlar".