Teymur Rəcəbov: Ən yadda qalan məqam, Karlsen üzərində qələbəm oldu
1 may 2014 17:44
“Shamkir Chess 2014” turnirinin son turunda Hikaru Nakamurayla heç-heçə oynamış Teymur Rəcəbov yarışla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Azerisport.az şahmatçımızın fikirlərini diqqətinizə çatdırır:
"Son oyunda heç-heçə görünürdü. Nakamura üstünlük qazanmaq istəsə də, alınmadı. Mən onun səhv edəcəyini gözləsəm də, bu, baş vermədi. Turnirə gəlincə, Maqnus Karlsenlə iki görüşdə 1,5 xal qazanmağı qeyd etmək istərdim. Son 6 ildə ona qalib gələ bilmirdim, ona görə Şəmkirdəki qələbəni vacib sayıram. 6 ay şahmat oynamadım. Bundan sonra bəziləri karyeramı bitirəcəyimi düşünürdü. Amma bu, belə deyil. Mən şahmat oynamaq və yeni qələbələr qazanmaq istəyirəm. Vüqar Həşimovun xatirə turniri Azərbaycanda şahmat üzrə keçirilən ilk superturnir oldu. Yüksək təşkilatçılığı qeyd etməyə bilmərəm. Karyeram ərzində gördüyüm ən yaxşı turnirlərdən biri oldu. Ən yadda qalan məqam, Karlsen üzərində qələbəm oldu. Ümid edirəm, bu qələbəni çox xatırlamayacağam. Çünki, qarşıdakı turnirlərdə Karlsen üzərində yeni qələbələr qazanmaq istəyirəm. Şəmkirdə maraqlı bir əhvalatla rastlaşdım. Karlsenlə ilk turun başlanmasına dəqiqələr qalarkən, mənə yaxınlaşan bir müəllim indi qələbə zamanıdır dedi. Elə həmin tur Maqnusu məğlub etdim. İkinci dövrədəki görüşdən əvvəl isə həmin insan mənə heç-heçə də pis olmaz, söylədi. Onun dediyi kimi də, oldu. Gərək növbəti oyunlarda həmin müəllimin köməyindən istifadə edim (gülür)”.