"Onların çıxışını normal adlandırmaq mümkün deyil"

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Anar Allahverdiyev azerisport.az saytına müsahibəsində Tromsedə keçirilən şahmat olimpiadasının yekun nəticələrini şərh edib. Kişi şahmatçılardan ibarət millinin çıxışını müsbət qiymətləndirən məşqçi Şəhriyar Məmmədyarovun oyununu xüsusi qeyd edib:
"Kişi şahmatçılarımız Tromsedə sadəcə, super oynadılar. Uğurlu start götürdülər. Bir qədər bəxtsizlik olmasaydı medalımız olacaqdı. Sonda kiçik səhvlər və bəxtsizlik komandanı medalsız qoydu. Xal hesabına görə 2-5-ci yerləri bölüşməyimiz müsbət haldı. İndiyə qədər heç vaxt belə yüksək nəticə olmamışdı. Ən yaxşı nəticəmiz 2008-ci ildə Drezden olimpiadasında 6-cı yer olmuşdu. Əlavə göstəricilərə görə üçlükdə medalçılar sırasında olmadıq. Şahmatçılarımız Azərbaycanı layiqincə təmsil etdi. Stabil oynadılar. Bu nəticə növbəti olimpiadaya böyük ümidlərlə baxmağa imkan verir. 2016-cı ildə olimpiada Bakıda olacaq. Buna görə həmin yarışda medal qazanmağımız çox vacibdir. Komandanın heyətində bütün şahmatçılar yaxşı çıxış etdi. Ən yaxşı isə Məmmədyarov oldu. Birinci lövhə hər zaman çətin olur. Şəhriyar liderliklə bacardı, məsuliyyəti dərk etdi. Şəmkirdəki turnirdən sonra özünə gəldiyini göstərdi. Yüksək performansla əla oynadı. Onun oyunu haqda yalnız xoş sözlər demək olar".
Allahverdiyevin sözlərinə görə, millimiz məğlubiyyətdən sonra özünü itirmədi və komanda şəklində sona qədər mübarizəni davam etdirdi: "Şahmatçılar gözəl və maraqlı partiyalar sərgilədi. Olimpiadalar zamanı ən yaxşı nəticəmiz Tromseylə bağlı oldu. Bu nəticədə komandanın yanında olan bütün insanların rolu var. Teymur, Rauf, Eltac və Qədir komanda oyunu sərgilədi. Rəcəbov ikinci lövhədə Kubayla matçda heç-heçə göründüyü halda sona qədər yarışdı və qələbə qazandı. Həmin görüşdə Teymurla Qədir milliyə qələbə xalını qazandırdı. Sözsüz, Rəcəbov ikinci lövhədə daha yüksək səviyyədə oyun sərgiləməyə qadir şahmatçıdır. 8-ci turda Çinə məğlubiyyət olmasaydı nəticə fərqli olacaqdı. Həmin görüşdə də Qədirlə Eltac sona qədər çalışdı".
Anar Allahverdiyev kapitan Aleksandr Xalifmanın uğurda əməyi olduğunu dedi: "Əgər komanda yaxşı çıxış edirsə şahmatçılarla yanaşı kapitan da unudulmamalıdı. İlk altılıqda hər komanda qərarlaşa bilmir. Fikir verin, necə komandalar bizdən sonra gəlir. Avropa çempionatlarında iki qələbədən sonra bu ən yaxşı nəticələrimizdəndir. Unutmayaq ki, olimpiadada 177, Avropa çempionatında isə 44 komanda yarışır. Xalifmanın millidəki işinin uğurlu olduğunu qeyd etməyə bilmərəm."
Qadın şahmatçıların çıxışına gəldikdə onların nəticəsi qeyri-kafidi. Anar Allahverdiyevin sözlərinə görə, xanım şahmatçıların nəticəsi ciddi müzakirə olunmalıdı: "Xanım şahmatçılarımız reytinqə görə 22-ci idi. Amma yekunda 23-cü oldu. 2010-cu il Xantı-Mansiysk olimpiadasında 4-8-ci yerləri bölüşdürmüşdülər. Son 4 ildə qızların nəticələri zəifləyir. Bu nəticəni qeyri-kafi adlandırmaq olar. Ən vacib partiyalarda Çin, Polşa, Rumıniya və ABŞ-a uduzduq. Belə turnirlərdə heç olmasa özündən güclü bir komandanı udmalısan. Xanım şahmatçılarımız bunu bacarmadı. Növbəti olimpiada Bakıda olacaq. Ona görə mütəxəssislər fikirləşməlidir və uğursuzluğun səbəbini tapmalıdı. Qızların çıxışını normal adlandırmaq mümkün deyil".