Bakıdakı Qran-Pri canlı yayımlanacaq
Bakıda təşkil olunacaq şahmat üzrə FİDE Qran-Pri turnirinin bütün partiyaları rəsmi sayt - baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, şahmat partiyaları Azərbaycan və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq. Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
Qran-Prinin ilk mərhələsinin açılış mərasimi oktyabrın 1-də yarışın keçiriləcəyi Şəhriyar adına Mədəniyyət mərkəzində olacaq. İlk tur oktyabrın 2-də saat 15-də start götürəcək.
Azərbaycanı turnirdə 2 qrossmeyster – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Eyni zamanda Bakıdakı Qran-Pridə Fabiano Karauna (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr Svedler (Rusiya), Dmitri Andreykin (Rusiya),Rüstəm Qasımcanov (Qazaxıstan) və Yevgeni Tomaşevski ( Rusiya) iştirak edəcək.
Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.