Məmmədyarovla Andreykin heç-heçəni şərh etdi
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin 3-cü turunda Dmitri Andreykinlə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, mətbuat konfransında Məmmədyarov partiya haqda fikirlərini bildirib:
"Maraqlı debüt idi. Xantı-Mansiyskdə bizim belə partiyamız olmuşdu. Topla hərəkət etmək imkanı var idi. Gedişlər çox idi. Sadəcə, partiyanın sonuna yaxın seyt-nota düşməyə qorxurdum. Perspektivli vəziyyət görmədim. Ona görə heç-heçə alındı. Əlbəttə, qələbə qazanmaq istəyirdim. Amma alınmadı. Üstünlük qazanmadım. Üstəlik vaxt azlığı bir qədər tez oynamağa məcbur etdi".
Dmitri Andreykin isə nəticənin oyuna görə olduğunu bildirdi: "Bir qədər çətin partiya alındı. Şəhriyar üstünlük qazana bilmədi. Ona görə oyun bərabər səviyyədə davam etdi. Rəqib üstünlük üçün çalışırdı. Amma alınmadı. 3 turdan sonra nəticəm o qədər yaxşı deyil. Bununla belə Qran-Pri indi başlayır. Ona görə Bakıdan uğurlu nəticəylə ayrılacağımı gözləyirəm".