Şəhriyar Məmmədyarov: Karuanaya qarşı 2 saat hazırlaşmışdım, amma istədiyim alınmadı
Bakıda keçirilən Qran-Pri turnirinin 3-cü turunda Şəhriyar Məmmədyarov Fabiano Karuanaya uduzub. Azerisport.az xəbər verir ki, partiyadan sonra Məmmədyarov oyun haqda fikirlərini bildirib:
"Azərbaycanda oyun istədiyim kimi alınmır. Bilmirəm problem nədədir. Digər ölkələrdə keçirilən yarışlarda reytinq toplayıram. Bakıda reytinqimi xərcləyirəm. Bu gün oyuna normal başladım. Ağlar ideya axtarışında idi. Maraqlı partiya alındı, bütün gedişləri diqqətdə saxlayırdım. Çətinliklər başlayanda qarşısını almaq mümkün olmadı. Şəmkirdəki oyunumuzun təkrarı oldu. Karuanaya qarşı 2 saat hazırlaşmışdım. Bilirdim necə oynayacaq. Debütü təxmin etmişdim. Lakin istədiyimi reallaşdıra bilmədim".
Fabiano Karuana isə nəhayət Bakıda ilk qələbəsini qazandığına görə sevindiyini bildirib: "Şəmkirdə Məmmədyarovla oyunumuz yadıma düşdü. Həmin oyun təkrarlandı. Topla gedişlər maraqlı alındı. Partiyanın gedişində üstünlük qazandım. Rəqib vəziyyəti dəyişmək istəsədə ona imkan vermədim. Fiqurların düzülüşü üstünlüyümü göstərirdi. Bəzi anlarda hazırlıqdan kənar oynamağa başladım. Yəni hazırlaşdığım deyil, özüm düşündüyümü oynadım. Məmmədyarova qarşı 2-3 saat hazırlaşmışdım. Sevinirəm ki, istirahət günü ərəfəsində qələbə qazandım".