Məmmədyarov: Beş ballıq sistemlə özümə 2+ verərdim
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin yekunlarıyla bağlı jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çıxışıma qiymət vermək çətindi. Beş ballıq sistemlə özümə 2+ verərdim. İlk 4 turda çox zəif oynadım. Son 7 turda özümə gəldim. Gelfand üzərində qələbə gözəl oyunla yadda qaldı. Nakamurayla partiyada heç-heçə istəmirdim, yalnız sonda razılaşdım. Qələbə qazanmaq yollarını axtarırdım. Üzərimdə çox çalışmalıyam. İstəmirdim Şəmkirdəki nəticəm təkrarlansın. Axı orada pis oynamışdım. Ona görə son turlar daha inamlə oynamağa çalışdım. Bu yarışdan sonra bir qədər istirahət edəcəm. Sonra Qran-Prinin ikinci mərhələsində iştirak etmək üçün Özbəkistana yollanacam. Eyni şahmatçılarla orada daha çətin mübarizəmiz olacaq. Mövqeyimi möhkəmlətmək üçün çalışmalıyam. Bir neçə il əvvəl 2757 reytinqlə dünyada 4-cü yerdə idim. İndi bu reytinqlə ilk onluğa düşmək olmur. Bir qədər sonra artıq reytinqi 2800 olmayana pis baxacaqlar. Ona görə hər ikimiz - həm mən, həm Teymur 2800-ə yaxınlaşmağa çalışacam. Hər ikimiz bu rekorda yaxınlaşmışıq. Yenidən bu istiqamət üçün çalışmalıyıq. Növbəti dəfə iddiaçılar turnirində iştirak etmək üçün üzərimdə işləməliyəm".