Qədir Hüseynov: Dünya Kuboku tarixində ən güclü mübarizə Bakıda olacaq
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Qədir Hüseynov mötəbər yarışla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, şahmatçı Dünya Kuboku tarixində ən güclü iştirakçıların məhz Bakıdakı yarışda mübarizə aparacağını söyləyib:
“Dünya Kubokunun yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycanda yüksək təşkilatçılıq ənənələri mövcuddur. Bütün şahmatçıları ciddi sınaq gözləyir. İştirakçılar baxımından ən güclü heyət məhz paytaxtımızdakı yarışa təsadüf edəcək. Hazırkı dünya çempionu Maqnus Karlsen və iddiaçılar turnirinə vəsiqəni təmin edən sabiq çempion hindistanlı Vişvanatan Anand Bakıya gəlməyəcək. Digər güclü şahmatçılar mötəbər yarışda iştirakını təsdiqləyib. Fabiano Karuana və Hikaru Nakamura iddiaçılar turnirinə vəsiqə qazanıb. Amma bununla belə Bakıdakı Dünya Kubokunda mübarizə aparacaqlar. Eyni zamanda Vladimir Kramnik, Veselin Topalovu unutmaq olmaz. Çox çətin olacaq, amma hər birimiz maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacayıq”.
Qədir Hüseynov turnirlə bağlı proqnoz vermək istəmədəyini bildirdi. Öz çıxışına gəlincə şahmatçımız hazırda yalnız ilk mərhələ haqda düşündüyünü söylədi: “Mən tələsmək istəməzdim. Hazırda ilk rəqib haqda düşünürəm. Onunla oyuna hazırlaşıram. Dünya Kubokunda hər növbəti rəqib haqda fikirləşməliyəm. Qarşıda necə olacağını demək çətindir. İndiki halda məni yalnız ilk mərhələdəki rəqib maraqlandırır. Dünya Kuboku Bakıda keçirildiyindən şahmatçılarımızdan birinin sona qədər yarışda qalmasını istərdim. Finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Həmin vəsiqələrdən birinin bizim şahmatçıya qismət olmasını arzulayıram”.
Qeyd edək ki, Dünya Kubokunda iştirak edəcək Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli milli komandanın kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında Qəbələdə təlim-məşq toplanışında iştirak edir.
Dünya Kuboku-2015-in mətbuat xidməti