"Dünya Kubokunu unudub, SOCAR-Azərbaycan klubunda çıxışım barədə düşünəcəyəm"

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun reytinq favoriti Veselin Topalov turnirin mətbuat xidmətinə müsahibəsində 1/8 finalda Rusiya təmsilçisi Pyotr Svidlerə məğlubiyyətindən danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Dünya Kubokunda hər görüş çətindir. Hətta lider şahmatçı belə erkən mərhələdə turniri tərk edə bilər. Svidlerlə görüşdə səhvlərim oldu. Bəzi gedişlərin perspektivini düşünmədən qərar verdim. Məğlubiyyətimə üzülmürəm. Hər zaman qalib gəlmək mümkün deyil. Svidler məndən əvvəl Teymur Rəcəbovu məğıub edib. Nəzərə cəhətdən Rəcəbov mənim üçün daha uğursuz rəqibdir. İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm. Bir dəfə də o məni məğlub edib. Digər görüşlərimiz heç-heçə başa çatıb. O mənada onunla oynamaq da çətin olacaqdı. Belə reqlamentdə hər mərhələdə bir neçə şahmatçı yarışla vidalaşır. Bu dəfə mən də Dünya Kubokundan ayrılıram".
Bolqar dünya çempionu iddiaçılar turnirində daha yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: "Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün çıxış edirdim. Reytinqə görə onsuz da iddiaçılar turnirində mübarizə aparacağam. Belədə FİDE qaydalarına əsasən ya Qran-Pri, ya da Dünya Kubokunda mütləq iştirak etməlisən. Qran-Pridə olmadığım üçün Dünya Kubokunda təmsil olunmağım mütləq idi. Sadəcə, gözəl oyun sərgiləmək üçün Bakıya gəlmişdim. İddiaçılar turnirinda tam fərqli hazırlıq və hədəflər olacaq".
Son aylar sabit oyun nümayiş etdirən Topalov karyerasında irəliləyişi belə izah edib: "Tam olaraq sakitləşmişəm. Hər turnirdən zövq almağa çalışıram. Hərçənd 43 yaş şahmat üçün az deyil. Bu yaşda şahmatdan ayrılan insanlar olub. Müəyyən problemlər zamanı mən də şahmatdan ayrılmağı düşünmüşəm. Bir müddət oynamadım, sonra toparlanaraq sevimli işimlə məşğul olmağa başladım. Fikrimcə, hələ bir neçə il yaxşı forma göstərə biləcəyəm. Əsas odur ki, oyunundan zövq alasan, məcburiyyət olmasın".
Dünya Kubokunun təşkilatçılığı barədə danışan Topalov şahmatçılar üçün hər cür şəraitin yaradıldığını deyib: "Təşkilatçılara təşəkkür edirəm. Dünya Kuboku tarixində ən gözəl turnirlərdən biri oldu. Sözsüz, belə şəraitdə oynamaq çox xoşdur. Bakıda bir neçə dəfə olmuşam, hər dəfə xoş təəssüratlarla ayrılmışam. Bu şəhər və insanlar çox gözəldir. Gələn il Bakıda şahmat olimpiadası keçiriləcək. Fikrimcə, sizdən sonra olimpiadanı təşkil etmək asan olmayacaq. Bakı növbəti dəfə nümunəvi təşkilatçılıqla hamını heyran edəcək. Bu təşkilatçılığı təkrarlamaq asan deyil".
Gələcək planlarından danışan Topalov SOCAR-Azerbaijan klubunun heyətində növbəti dəfə uğur qazanmaq istədiyini söylədi: "SOCAR-Azərbaycan klubunda çıxışımı davam etdirirəm. Bu mənada yenidən Avropa Kubokunu qazanmaq istərdim. Bu klubda çox güclü heyət formalaşıb. Hər dəfə qalib gəlmək gözəl hisslər yaradır. Dünya Kubokunu tezliklə unudub bütün fikrimi klublar arasında Avropa Kubokuna yönəldəcəyəm. Noyabrda bizi yeni sınaq gözləyir".