Azad Rəhimov: Olimpiada yüksək səviyyədə keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığın gedişatı barədə məlumat verib. Azerisport.az saytının məlumatına görə, nazir bildirib ki, mötəbər yarışın yüksək səviyyədə təşkili üçün lazımi işlər aparılır:
“Təşkilat Komitəsinin üzvləri ilə “Crystal Hall”da olduğumuz zaman bütün işlərlə tanış olduq. Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək. Olimpiada vaxtı yarış zalının tərtibatıyla yanaşı, eyni zamanda təhlükəsizlik məsələləri, tibb otağı və media mərkəzinin olacağı məkanlar müzakirə olundu. Hazırda təşkilati işlər plan üzrə davam edir. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün işlər görüləcək”.
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. (Əməliyyat Komitəsinin mətbuat xidməti)