Vüqar Həşimovun xatirə turniri nə vaxt başlayır?

"Synergy Group ASC"-nin dəstəyi ilə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" super-turnirinin açılış mərasiminin vaxtı məlum olub. Azerisport.az turnirin mətbuat xidmətinə istinadla xəbər verir ki, mötəbər yarışın təntənəli açılış mərasimi 25 may tarixində Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 19:00-da başlayacaq.
Tədbirdə bir sıra Nazirliklər, Beynəlxalq Şahmat Federasiyasının (FİDE), mətbuat qurumlarının nümayəndələri və eləcə də şahmat sevərlər iştirak edəcək. Açılışdan sonra turnirin püşkatma mərasimi baş tutacaq.
Xatırladaq ki, Shamkir Chess 2016 ardıcıl üçüncü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar.
İlk tur 26 mayda start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.