Bakı Şahmat Olimpiadasının ilk ulduz səfirləri məlum oldu

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.
Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. (Əməliyyat Komitəsinin mətbuat xidməti)