Şəhriyar Məmmədyarov: Heç kimdə üstünlük yox idi

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 superturnirinin 6-cı turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi partiyanı belə şərh edib:
"İstirahət günündən sonra yorğunluq hiss olunmur. Amma bunun oyunumuza təsiri yoxdur. Heç kimdə üstünlük yox idi. Fiqurları dəyişəndən sonra belə bərabərlik davam etdi".
Şəhriyar Məmmədyarov Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasına hazırlıq planının tərtib olunduğunu söylədi. Onun sözlərinə görə şahmatçılarımız mötəbər yarışda məsuliyyəti dərk edir: "Hazırlıq barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar. Milli komandamız məsuliyyəti başa düşür. Biz bilirik ki, çox çətin yarışdır. Əlimizdən gələni edəcəyik ki, şahmatsevərləri sevindirək. Olimpiadaya hələ vaxt var, ona görə indidən proqnoz vermək istəməzdik".