Azad Rəhimov Bakı Kristal Zalında oldu
26 avqust 2016 12:15

Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub. Azerisport.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir Azad Rəhimova hazırlıq işləri barədə məlumat verilib. Arenanın mötəbər yarışa tam hazır olduğu bildirilib.
Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb.
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.