Yusifzadə və Quliyevdən növbəti qələbələr
Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, artıq boksçularımızdan ikisi ¼ final mərhələsinə vəsiqə qazanıb.
Gənclər arasında Avropa birinciliyinin mükafatçısı Məsud Yusifzadə (52 kq) 1/8 finalda Özbəkistan nümayəndəsi Adbulkay Şaraxmatovu məğlub edib – 3:0. Boksçumuzu ¼ final mərhələsində çətin döyüş gözləyir. Həmyerlimiz dünya birinciliyinin medalını özünə təmin etmək üçün yerli idmançı Daniel Asenovu üstələməlidir.
Gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) də ¼ finala yüksəlib. Quliyev özbəkistanlı Mahmud Qaipov üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü ¼ finalda italiyalı Vinçenzo Areççia ilə qarşılaşacaq.
Təssüff ki, Şamil Əliyev (75 kq) 1/8 finalda mübarizəni dayandırmalı olub. Boksçumuz gərgin mübarizədə Qazaxıstan təmsilçisi Bekjan Bakirova uduzub – 1:2.
Bu gün axşam proqramında rinqə çıxacaq boksçularımız:
49 kq: Rüfət Hüseynov – Svyatoslav Varankin (Rusiya)
91+kq: Məhəmmədəli Tahirov – Eren Uzun (Türkiyə)
91kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə)
81 kq: İbrahim Quliyev – Vadim Kazakov (Qazaxıstan)