Özkara: Türkiyə və Azərbaycan milllisi arasında hələ seçim etməmişəm
28 февраля 2012 13:20

Futbol üzrə Azərbaycan əsas yığma komandasına dəvət olunan Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkara milli karyerası ilə bağlı fikrini hələlik tam qətiləşdirməyib. Azerisport.az saytına müsahibəsində o, özü bunu etiraf edib:
“Sabah Fələstin yığmasıyla oyunda mən də iştirak edə bilərəm. Amma meydana çıxıb-çıxmamağımdan asılı olmayaraq, hələ hansı yığmada çıxış edəcəyimi tam dəqiqləşdirməmişəm. Mənə Türkiyədən də dəvət var və hələ yekun qərarımı verməmişəm. Azərbaycan mənim üçün yad ölkə deyil. Lakin Türkiyə də doğma vətənimdi və hər şey mümkündü”.
Bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov da fikirlərini açıqlayıb. O, saytımıza açıqlamasında bunları söyləyib: “FİFA-nın qaydalarına görə, futbolçu yığma seçimini dəyişə bilər. Oyunçunu daha çox öz ölkəsinin yığmasında çıxış etmək istəməsi də normaldı. Odu ki, Cihan Özkaranın da sərbəst seçim imkanı var”.
Cihan Super Liqanın son turunda kiçik zədə alsa da, hazırda hər şeyin yaxşı olduğunu deyir: “Bərpa prosesi normal keçir. Ötən gün yığmanın həkimləri də yoxladılar. İndi özümü daha yaxşı hiss edirəm. Sinqapur və Hindistanla oyunlarda iştirak edə bilmədim. Həmin oyunları görməsəm də, nəticələrdən xəbərim var. Mən rəqabətdən qorxmuram. Nə klubumda, nə də yığmada. Bu, əksinə futbolçunun xeyrinə olan amildi. Berti Foqts kimi mütəxəssislə çalışmaq da əlavə bir üstünlükdü”.
Özkara əsas yığmamızda debütünü gözlədiyini deyir: “Azərbaycan millisində debüt etməyə hazıram. Bu, mənim karyeramda ən yaddaqalan günlərdən biri olacaq. Ümid edirəm ki, məni kollektivdə çox yaxşı qarşılayan komanda yoldaşlarım da bu yolda mənə kömək edəcəklər”.
Cihan sonda klubdakı işlərinə də toxunub: “Hazırda bizim heyətdə xeyli hücumçu var. Onların da hamısı eyni vaxtda meydana çıxa bilməz. Ona görə də kimsə ehtiyatda oturmalı olur. Amma düşünürəm ki, baş məşqçi Rza Çalımbay mənə inanır”.