Rasim Ramaldanov: Foqts millidə qalsa, hamımız üçün yaxşı olar
13 ноября 2013 10:55

"Xəzər Lənkəran"ın və Azərbaycan millisinin futbolçusu Rasim Ramaldanov azerisport.az saytına müsahibəsində yığmanın Estoniya və Qırğızıstanla oyunlarından, eləcə də baş məşqçi Berti Foqtsdan danışıb.
- Milli çempionatdan sonra millinin düşərgəsinə yollanmaq yorğunluğa səbəb ola bilər?
- Bizim işimiz futbol oynamaqdı. Sevimli işimizlə məşğul olduğumuzdan yorğunluq özünü göstərmir. Futbolçular nə qədər bir yerdə çox məşq etsə, bir o qədər yaxşıdı. Millinin oyunçuları son turlarda yaxşı oyun sərgilədi. Demək olar, yığma üzvləri yaxşı formadadı. O mənada yoldaşlıq görüşlərindən yaxşı nəticə gözləyirik. Seçmə mərhələnin son oyunları bizim üçün önəmlidi.
- İlk oyunda Estoniyanın qonağı olacaqsız....
- Estoniya yaxşı futbolçulara malikdi. Son oyunlarını izləməmişəm, ona görə nəsə demək çətindi. İstənilən halda Azərbaycan millisi səfərə qələbə üçün gedəcək. Komandamız maksimum oyun göstərərək qalib gəlmək istəyir. Potensialımız buna imkan verir.
- Qırğızıstan komandası zəif rəqib təsiri bağışlayır....
- Heç bir rəqibə zəif demək olmaz. Hər bir komandaya hörmətlə yanaşmaq lazımdı. Futbol səviyyəsini müqayisə etsək, biz onlardan irəlidəyik. Qırğızıstanda futbol o qədər güclü deyil. Qələbə istənilən halda qələbədi. Millimiz hər iki oyunda qalib gəlmək istəyir. Məğlubiyyət barədə düşünmürük.
- Adətən bəzi komandalar üçün yoldaşlıq oyunları vacib xarakter daşımır. Deməli, sizin üçün bu oyunlarda nəticə vacib olacaq?
- Hər iki oyunun nəticəsi FİFA-nın reytinq cədvəlinə təsir edəcək. Yoldaşlıq oyunu olsa belə, qələbə bizə vacibdi. Axı milli elə çox oyunda qalib gəlmir. Azarkeşlərə nəticə həmişə vacibdi. Şimali İrlandiya və Rusiya ilə oyunlardan sonra hamı bizdən yaxşı nəticə gözləyir.
- Bu oyunların nəticəsi Berti Foqtsun taleyinə təsir edə bilər?
- Deyə bilmərəm. Alman məşqçi seçmə mərhələ zamanı özünü sübut etdi. Topladığımız 9 xal onun işini göstərir. Yığma komanda seçmə mərhələdə yaxşı oyun sərgilədi. Güclü rəqiblərlə bərabər səviyyədə mübarizə apardıq. Ona görə onun işinə müsbət qiymət vermək olar.
- Sizin fikrinizcə, Foqts qalsa yaxşı olar, yoxsa getsə?
- Sözün düzü, mən onun qalmasını istəyərdim. O, işini davam etdirməlidi. Biz ona, o isə bizə öyrəşib. Artıq futbolumuza bələd olub. Yenidən hər şeyi başlamaq lazım deyil. Foqts qalsa, yığma daha yaxşı oyun sərgiləyəcək. Əlbəttə, yekun qərarı AFFA verəcək. Bizim işimiz futbol oynamaqdı və ona görə istənilən məşqçiylə öz işimizi görəcəyik.
- Foqts olmasa, yığmada yerli məşqçi işləməsini istərdiz, yoxsa əcnəbi?
- Bu, mənim işim deyil. Yerli məşqçi də olsa, əcnəbi məşqçi də olsa, biz həmişə maksimum gücümüzü sərf etməyə çalışırıq. Milli komanda Azərbaycanındı. Ona görə istənilən məşqçi komandaya layiqli tərzdə işləməlidi. Yığma komandamızın səviyyə artıb. Son oyunlar göstərdi ki, millidə inkişaf var. İndi bu inkişafı saxlamaq lazım deyil. Davam etdirmək vacibdi.