Qəbələ futbol akademiyasının məşqçilər heyətinin Lion səfəri davam edir
14 марта 2014 12:13

"Qəbələ" futbol akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Lion" klubunun bazasında olması ilə bağlı məlumat vermişdik. Azerisport.az klub saytına istinadən xəbər verir ki, dünən "Qəbələ" təmsilçiləri akademiya, əsas komanda və seleksiya qrupu ilə tanış olub. Daha sonra "Lion" klubunun prezident müşaviri, Fransa futbol tarixinin ən yaxşı futbolçularından hesab olunan Bernar Lyakomb klubun nümayəndə heyətini qəbul edib. Görüş zamanı klub rəsmisi səfərin təfərrüatları barədə məlumat alıb və məşqçilərə uğurlar arzulayıb.
Günün davamında “Qəbələ” təmsilçiləri klubun məşq meydançaları və paltardəyişmə otaqları ilə tanış olublar. Ardından, Avropa Liqası çərçivəsində baş tutan "Lion"- "Viktoriya" (Çexiya) matçı öncəsi meydan sahiblərinin son məşqini izləyən nümayəndə heyəti "Lion"un baş məşqçisi Remi Qardla görüşüb. Görüş zamanı Qarda "Arsenal"dan sabiq komanda yoldaşı, hazırda "Qəbələ" İdman Klubunun prezident müşaviri vəzifəsində çalışan Toni Adamsın salamları çatdırılıb. Azərbaycan futbolunun hazırki vəziyyəti ilə bağlı suallar verən baş məşqçi bu barədə ətraflı məlumatlandırılıb.
Daha sonra nümayəndə heyəti "Lion" futbol akademiyasının inzibati binası və yataqxanası ilə tanış olub. Təmsilçilərə seleksiya qrupunun iş prinsipləri barədə məlumat verilib, "Qəbələ" futbol akademiyasının seleksiya qrupunun iş prinsipləri arasındakı bənzər və fərqli cəhətlər müzakirə olunub.
Günün sonunda nümayəndə heyəti akademiya komandalarının məşqlərini izləyib. Ardından isə məşqçilərimiz meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşmış "Lion"-"Viktoriya" matçını izləyiblər.
Növbəti günlərdə akademiya komandalarının məşqləri və oyunları izləniləcək, həmçinin "Lyon" futbol akademiyasının direktoru ilə müzakirələr aparılacaq.