Elşən Abdullayev: Neftçi səhvlərdən nəticə çıxarmağı bacardı

"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (4:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Bizim hamımızın tək istəyi qələbə qazanmaq idi. Matça yaxşı başlamadıq, qol buraxdıq. Amma özümüzdə güc tapıb, fasiləyə qədər iki qol vurmağı bacardıq. Bu qollar bizə əlavə güc verdi. Fasilədən sonra isə rəqibi əks-hücumlarda yaxalaya və daha iki qol vura bildik. Qələbə qazandığımız üçün şadam.
- Avrokuboklara vəsiqəni tam təmin etməməyiniz sizdə əlavə gərginlik yaratmır?
- Əlbəttə, təzyiq var. Mövsümə uğursuz başladığımızı nəzərə alsaq, hər bir oyunda təzyiq hiss edirik. Xoşbəxtlikdən son oyunlarda uğur qazana bilirik, hədəfimizə yaxınlaşırıq.
- Mövsümün əvvəlindən niyə belə oynaya bilmirdiniz?
- Səbəblər az deyil. Amma "Neftçi"nin öz imkanlarından aşağı çıxış etdiyini, layiq olmadığı pillədə qərarlaşdığını hər kəs görürdü. Düzdür, hər şey daha pis də ola bilərdi. Amma biz səhvlərimizdən nəticə çıxara bildik.
- Heyətdəki son rotasiyaların faydası var?
- Məşqçilər arasında müqayisə aparmaq istəməzdim. Sadəcə, Vəli Qasımovla hər şey daha uğurlu alınır. O, komandaya yeni sistem gətirib. Bizə isə sadəcə, nəticə qazanmaq qalır.
- Yəqin ki, fasilədə "Qəbələ" - AZAL matçının da nəticəsi ilə maraqlandınız...
- Düzünü deyim ki, yox. Çünki bizi AZAL-ın yox, öz oyunumuz düşündürürdü.