Şamil Quliyev: Mərkəzi arenanın qazonu Almaniya ilə oyuna ideal vəziyyətdə olacaq

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasındakı oyunun bu arenada keçirilməsinə dair qərar çıxarılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu stadion ölkənin əsas arenasıdır. Qürur hissi duyuram ki, belə bir vacib oyun bizim stadionumuzda keçiriləcək. Bizim belə oyunlara yüksək səviyyədə ev sahibliyi etmək təcrübəmiz var. "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-una qarşı oyunu problemsiz keçirdi. Ondan sonra da bəzi işlər görülüb və növbəti oyunlara hazırıq. Düzdür, bizi qarşı qış gözləyir. Amma bu, heç bir halda qazona təsir göstərməyəcək. Qazon gələn il martın 26-da keçiriləcək həmin oyunda ideal vəziyyətdə olacaq".