Yığmamızın üzvü: İtaliyada oynamaq arzum idi, buna da çatdım
6 октября 2011 11:38

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Kseniya Kovalenko İtaliyanın “Kariparma” klubu tərəfindən ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, o, italyan hələ dilini öyrənmədiyindən mətbuat konfransında ingiliscə danışmalı olub.
“Mən çox şadam ki, İtaliyada çıxış edəcəm. Bunu çoxdan arzulayırdım. Artıq arzuma çatdım. Son iki mövsümdə mən İtaliya klublarından tez-yez təklif alırdım. Amma son anda keçidimə nəsə mane olurdu. Bu dəfə isə hər şey lazımı səviyyədə oldu”.
25 yaşlı voleybolçumuz niyə məhz “Kariparma”nı seçdiyini də izah edib: “Mən Parma klubunu ona görə seçdim ki, burda özümə qarşı çox böyük diqqət olduğunu gördüm. Bu klubun əla məşqçisi və gözəl oyunçuları var. Bunu xüsusi olaraq Daliya Lyüdovikə aid etmək istərdim. Hansı ki, kifayət qədər çoxdan tanışıq”.
Kovalenko Azərbaycan yığmasının son Avropa çempionatındakı çıxışına da toxunub: “AÇ-dəki çıxışımızdan razıyammı? Düzdü, qrupdan çıxa bildik. Amma biz həmişə mümkün qədər uzağa getmək istəyirdik. Komandamızda əla oyunçular toplaşıb. Lakin komanda oyunu planında daha da artırmağımız lazımdı”.
Sonda onu da qeyd edək ki, Kovalenko Azərbaycanda “Azərreyl” və “Lokomotiv”də çıxış edib. Lakin son mövsümdə “dəmiryolçular”ın heyətinə çətinliklə düşürdü. Kiçik zədəsi olmasına baxmayaraq, yığmamızın Barselonadakı hazırıq prosesində iştirak edən, hətta AÇ-də dörd oyuna da çıxan Kseniya yeni mövsümdə İtaliya A Seriyasında qüvvəsini sınamalıdı. “Kariparma”ya italiyalı mütəxəssis Donato Radonya başçılıq edir.