İsrafil Aşurlu Kançencanqanı (8586 m) fəth etdi
21 may 2011 14:44
Azərbaycanlı alpinist İsrafil Aşurlu Beynəlxalq idman ekspedisiyasının heyətində dünyanın üçüncü ən hündür zirvəsi olan Kançencanqanı fəth edib. Azerisport.az xəbər verir ki, məlumat alpinistə yaxın mənbələrdən alınıb. Mənbənin məlumatına görə zirvə bu gün sübh tezdən fəth edilib.
Beynəlxalq idman ekspedisiyasının dünyanın üçüncü ən hündür zirvəsi Kançencanqaya yürüşü Mart ayının sonlarında başlayıb. Alpinistlər zirvəyə Nepalın paytaxtı Katmandu şəhərindən yollanıblar.
Ekspedisiyaya beynəlxalq dərəcəli idman ustası “Qızıl buzqıran”ın ikiqat qalibi Aleksey Bolotov rəhbərlik edir.
Ekspedisiyanın heyətinə İsrafil Aşurlu (Azərbaycan), Andrey Manuylov (Rusiya), Dmitriy Sinyov (Rusiya), Qleb Sokolov (Rusiya), Nikolay Totmyanin (Rusiya), Aleksandr Lutoxin (Rusiya), Kristian Stanql (Avstriya), Aleksandr Frolov (Avstraliya) daxildir.
Qeyd edək ki, Kançencanqaya yürüş təhlükəli sayılır. Son illər zirvəni fəth etmək istəyən idmançıların ölüm faizi 22 faizə qədər artıb.
Nepalda Kançencanqanın bir qadın olması və zirvəni fəth etmək istəyən bütün qadınları öldürməsi ilə bağlı əfsanə var. Uzun illər bu zirvəni fəth edərək geri qayıda bilən yeganə qadın britaniyalı alpinist Cinnett Harrison olub. O, zirvəyə 1998-ci ildə qalxıb. Yarım il sonra isə alpinist Caulaqiriyə qalxan vaxt həlak olub.
2008-ci ildə Himalayın ən gözəl dağlarından birinin ən hündür zirvəsinə avstriyalı Qerlinde Kaltenbrünner, 2009-cu ildə isə ispaniyalı Edurne Pasaban, polşalı Kinqa Baranovska və koreyalı O I Son qalxıblar. O I San indiyə qədər planetin 8000 m hündürlükdən yuxarı bütün 14 zirvəsini fəth edə bilib. Qerlinde və Edurne isə 12 belə zirvəni fəth edib. (Trend-life)