Con Kollinz: Toni Adamsın burda işləməsi çox şeydən xəbər verir
23 января 2011 11:51

“Qəbələ”nin yeni forvardı Con Kollinz azerisport.az saytına müsahibəsində Azərbaycan klubuna gəlişindən və məqsədlərindən danışıb.
- Yeni komandanız necədi?
- Hələ ki, burda olduğuma görə xoşbəxtəm. Mənə burda hər şey yaxşıdı. 4 gün ərzində artıq dostlaşmağa imkan tapmışam. Hansı ki, bu, mənim üçün çox vacib idi. Bəzən olub ki, hansısa komandamda xoşbəxt olmadığım üçün bu, nəticələrə də təsir edib. Ancaq bu dəfə elə olmayacaq.
- Necə oldu ki, “Chicago Fire” klubundan sonra “Qəbələ”yə keçidiniz rəsmiləşdi?
- ABŞ çempionatında iki il çıxış etdim. Ondan sonra mənə daha bir illik müqavilə təklif etdilər. Ancaq mən ailəmə daha yaxın olmaq istəyirdim. Elə bu ərəfədə Toni Adamsdan təklif gəldi və qəbul etdim.
- Onun təklifində sizi cəlb edən nə oldu?
- Elə ondan başlayaq ki, Toni Adamsın burda işləməsi çox şeydən xəbər verir. Həmçinin burda yeni, gələcəyin komandasının yaradılması da çox şeydən xəbər verir. Gələcək planlar barədə danışıblar. Mən belə böyük işlərin tərkib hissəsi olmaqdan imtina edə bilməzdim.
- Tanımadığınız ölkədə top qovacaqsınız, qarşınıza hansı məqsədlər qoymusuz?
- Mən əminəm ki, düzgün seçim etmişəm. Komandanın baş məşqçisi məni pis tanımır. Çünki İngiltərə Premyer Liqasında “Portsmut”la müəyyən təcrübəm var. Futbol oynamaq və mümkün qədər çox qol vurmaq istəyirəm. Bunu nə qədər yaxşı yerinə yetirə bilsəm, bir o qədər də xoşbəxt olacam.
- Bura gələnə kimi ölkəmiz haqda nəsə bilirdiniz?
- Azərbaycanda bir sıra tanışlarım çıxış edir. Bunlar “Bakı”da çıxış edən Adnan Barakat, İbrahim Karqbo, həmçinin elə indiki komandam “Qəbələ”nin üzvü Stif Olfersdi. Onlar mənə kifayət qədər məlumat verdilər ki, düzgün seçim edə bilim.
- Artıq bu mövsümün gedişi barədə sizə xəbər veriblər?
- Həm deyiblər, həm də özüm az-çox maraqlanmışam. Ümid edirəm ki, biz elə ilk altılıqda olacağıq.
- Komandada kifayət qədər səviyyəli hücumçular var. Onlarla rəqabət çətin olmayacaq ki?
- Pley-off oyunlarına kimi hələ vaxt var. Bu müddət ərzində əsas heyətə düşmək üçün mübarizə aparacam. Hər şeyi edəcəm ki, bunu bacarım.