Millimiz Ermənistana qalib gəldi

Azərbaycan karateçiləri Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirindən yüksək nəticə ilə dönürlər. Azerisport.az xəbər verir ki, əsasən yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızın bir neçə üzvü, həmçinin müxtəlif regionları təmsil edən bir neçə klub idmançılarının ümumi nəticəsi ilə birgə Azərbaycan 25 ölkə arasında 2-ci pilləyə yüksəldi. 120 klubu təmsil edən 2100-dən artıq idmançının qatıldığı nüfuzlu yarışda ilk pilləni 1000-dən artıq karateçi ilə yarışa qatılan Türkiyə tutdu. Üçüncü yerin kuboku isə İran idmançılarına təqdim edildi.
Kumite yarışlarında əməkdar məşqçilər Anar Abdullayev və Şahin Xudaverdiyevin çalışdırdığı seçmə komandanın üzvlərindən, 14-15 yaşlı yeniyetmlər Murad Hacızadə (+70 kq), 16-17 yaşlı gənclərdən Ülvi Qurbanov (-61 kq) və Fəridə Əliyeva (+59 kq) turnirin qalibi oldular. 17-18 yaşlı gənclər komandasının və Daxili İşlər Nazirliyinin İdaman Cəmiyyəti (DİN İC) üzvü Hüseyn Alıyev (-61 kq) gümüş medala, 14-15 yaşlı yeniyetmlər Hümmət Baxşəliyev (-52 kq) və Fidan Teymurova (-47 kq), eləcə də Ruslan Cəfərzadə (-76 kq) və Aytac Əliyeva (-53 kq) bürünc mükafata sahib oldular. Böyüklər arasında milli komandanın üzvü Əli Cəfərov çempion oldu. Hakim haqsızlığı bu dəfə də idmançılarımızın daha yüksək nəticə göstərməsinə imkan vermədi. Ancaq buna baxmayaraq karateçilərimiz dünyada liderlərdən olduqlarını bir daha rəqiblərinə bəyan etdilər. Hətta 16-17 yaşlı gənclər arasında 61 kiloqramadək çəki dərəcəsində azərbaycan finalı oldu. Bir gün əvvəl isə Murad Hacızaə (+70 kq) çempion, Hümmət Baxşəliyev (-52 kq) və Fidan Teymurova (-47 kq) isə bürünc medal qazanıblar.
Kumite yarışlarında paytaxt və regionları təmsil edən bir neçə klubun, o cümlədən "Sərhədçi" İdman Klubundan (məşqçilər Yavər Hüseynov və Vüqar Kərimov) Elçin Quliyev 1-ci (10-11 yaşlılar), Elvin Cavadzadə 2-ci yeri, "Araz" klubundan (məşqçiləri Vüsal İsrafilov və Siyavuş Bayramov) Samir Salahov (11-12 yaşlılar, -45kq) 1-ci, İmdad Tanrıverdiyev isə 3-cü sıranı, "Qaraqaplan" klubundan (məşqçi Cahangir Babayev) Seyidəli Novruzov (18 yaşlı gənclər, -68kq) 2-ci yeri, "Qızıl əlcək" klubundan (məşqçi Mais Mədətov) Azər Əhmədovla (11-12 yaşlılar, -45 kq) və Əvəzağa Səfərov (8-10 yaşlılar, -35 kq), həmçinin DİN İC-nin üzvü Emin Məcidov (məşqçi Elnur Əsədov) 3-cü pilləni tutdular.
Komanda kumite yarışlarında 11-12 yaşlılar arasında "Qaraqaplan" klubunun yetirmələri Süleyman Novruzov, Rəvan Bağırov, Telman Yusifov və İmdad Tanrıverdiyev, "Qızıl əlcək" klubundan Ruslan Qafarlı, Azər Əhmədov, Samir Salahov və Məcid Zeynalov, həmçinin böyükllər arasında Əli Cəfərov, Pənah Abdullayev, Vüsal İsrafilov və Yusif Əliyev 3-cü yerə layiq oldular. Yarışı idarə etmək üçün 120-dən artıq hakimi arasında 2 milli dərəcəli hakimimiz Ərzuruma yollanmışdı.
Kişilərdən ibarət komandamız ermənistanlı rəqiblərini böyük üstünlüklə məğlub etdi. Karateçilərimizin bu qələbəsi yarış zalında möhtəşəm qələbə əzmi ilə müşayiət olundu. Növbəti yarış 12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" beynəlxalq turniri olacaq. (Federasiyanın rəsmi saytı)