İspaniya Fransanı 2 qolla keçib, üçüncü yarımfinalçı oldu (YENİLƏNİB)
24 iyun 2012 01:35
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 15-ci oyun günündə də bir qarşılaşma baş tutub.
1/4 final mərhələsinin üçüncü oyununda İspaniya və Fransa üz-üzə gəlib. Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan ispanlarla fransızların görüşü maraqla gözlənilirdi. Qalib gələn komanda qitə birinciliyinin üçüncü yarımfinalçısı adını qazanacaqdı. Özü də bu cütün qalibi yarımfinalda Portuqaliya ilə üz-üzə gələcəkdi.
Çoxlarının gözlədiyi kimi, bu oyunda ispanlar üstün olublar. Del Boskenin yetirmələri əsas rəqiblərindən birini 2 cavabsız qolla keçiblər. Beləcə, AÇ-nin finalı uğrunda mübarizə aparacaq ilk yarımfinal cütü İspaniya - Portuqaliya olacaq.
Maraq üçün xatırladaq ki, qrup mərhələsində C qrupunda yer alan İspaniya İtaliya ilə 1:1 hesablı sülhə razılaşmış, İrlandiyanı 4:0, Xorvatiyanı isə 1:0 yenərək, pley-offa lider kimi yüksəlmişdi. Fransa isə D qrupunda İsveçə 0:2 uduzmuş, İngiltərə ilə 1:1 hesablı sülhə razılaşmış, Ukraynanı 2:0 məğlub etmişdi.
AÇ-2012
1/4 final
23 iyun
İSPANİYA – FRANSA - 2:0 (1:0)
Qollar: X.Alonso, 19 (1:0), X.Alonso, 90+1 (2:0)
Ukrayna. Donetsk. “Donbass-Arena”
Baş hakim: Nikola Ritsoli (İtaliya)
İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Arba, İnyseta (Kaseres, 84), Xavi, Fabreqas (Torres, 67), Xabi Alonso, Buskets, D.Silva (Pedro, 65).
FRANSA: Loris (k), Debuşi (Menez, 64), Rami, Revelye, Koşçielni, Klişi, Kabay, Riberi, Maluda (Nasri, 65), M`Vila (Jiru, 79), Benzema.