İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)
29 iyun 2012 01:38
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 18-ci oyun günündə də bir qarşılaşma baş tutub.
Yarımfinal mərhələsinin son oyununda İtaliya və Almaniya üz-üzə gəlib. Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan komandaların görüşü maraqla gözlənilirdi. Çünki qalib gələn komanda AÇ-2012-nin son finalçısı adını qazanacaqdı.
Görüş turnirin əsas favoriti sayılan Almaniya üçün pis başlayıb. Belə ki, İtaliya millisi Balotellinin dublu sayəsində qələbə qazanmaq üçün əla şans qazanıb. İkinci hissənin son saniyələrində almanlar bir qol vursa da, bu, təsəllidən başqa heç nəyə yaramayıb. Beləcə, İtaliya yığması "alman maşını"nı sıradan çıxararaq, həlledici oyuna vəsiqə qazanıb.
Maraq üçün xatırladaq ki, İtaliya qrup mərhələsində İspaniya və Xorvatiya ilə 1:1 hesablı heç-heçələrə razılaşmış, İrlandiyanı 2:0 hesabıyla məğlub etməklə pley-offa çıxmışdı. 1/4 finalda isə italiyalılar İngiltərə ilə üz-üzə gəldilər. Nəinki 90, hətta 120 dəqiqə qapılara qol vura bilməyən tərəflər qalibi penaltilərlə müəyyənləşdirdilər ki, İtaliya daha üstün oldu – 4:2. Almaniya isə qrup mərhələsində Portuqaliyanı 1:0, Hollandiya və Danimarkanı 2:1 yenmişdi. 1/4 finalda isə almanlar Yunanıstanı 4:2 hesabıyla üstələmişdilər.
Qeyd edək ki, ilk finalçı Portuqaliyanı məğlub edən İspaniya millisi olmuşdu. İtaliya - İspaniya finalı iyulun 1-də keçiriləcək.
AÇ-2012
Yarımfinal
28 iyun
ALMANİYA - İTALİYA - 1:2 (0:2)
Qollar: Balotelli, 20 (0:1), Balotelli, 36 (0:2), M.Özil, 90+2-pen (1:2)
Baş hakim: Stefan Lannua (Fransa).
Polşa. Varşava. Milli stadion.
ALMANIYA: Noyer, Hummels, Badştuber, Lam (k), Boatenq (T.Müller, 71), Xedira, Şvaynştayger, Özil, Kroos, Podolski (Roys, 46), Qomes (Kloze, 46).
İTALİYA: Buffon (k), Kyellini, Balsaretti, Barzaqli, Bonuççi, Markizio, De Rossi, Montolivo (T.Motta, 63), Pirlo, Balotelli (Di Natale, 70), Kassano (Diamanti, 58).