Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)
2 iyul 2012 01:37
Sayca 14-cü Avropa çempionatı bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin sonuncu - 19-cu oyun günündə qalibin adı müəyyənləşib.
Qitə birinciliyinin həlledici oyununda İtaliya və İspaniya yığmaları üz-üzə gəlib. Yarımfinalda turnirin əsas favoritlərindən Almaniyanı məğlub edib, finala çıxmaqla özündən söz etdirən italyanların son dünya və Avropa çempionları ilə dueli maraqlı və gərgin mübarizə vəd edirdi.
Lakin final qarşılaşması demək olar ki, ispanların aşkar üstünlüyü şəraitində keçib. Artıq ilk yarıda iki cavabsız qolla öndə olan son dünya və Avropa çempionları fasilədən sonra daha iki qol vurmaqla fərqli hesablı qələbəyə imza atıblar. Bunda matçın sonuna yarım saat qalmış italyanların heyətində Tyaqo Mottanın zədələnərək oyuna davam edə bilməməsi və Prandellinin komandasının 10 nəfərlə mübarizə aparması da həlledici rol oynayıb. Beləcə, İspaniya ilk dəfə ardıcıl iki dəfə Avropa çempionu olan komanda ünvanına sahib çıxıb.
Maraq üçün qeyd edək ki, AÇ-2012-nin hər iki finalçısı eyni qrupdan çıxmışdı. İspaniya ilə İtaliya arasında qrup mərhələsindəki oyunda hesabı italyanlar açsa da, ispanlar bərabərlik qolunu vura bilmişdilər - 1:1.
Xatırladaq ki, İtaliya qrup mərhələsində İspaniya ilə yanaşı Xorvatiya ilə də 1:1 hesablı heç-heçəyə razılaşmış, İrlandiyanı 2:0 hesabıyla məğlub etməklə pley-offa çıxmışdı. 1/4 finalda isə italiyalılar İngiltərə ilə üz-üzə gəldilər. Nəinki 90, hətta 120 dəqiqə qapılara qol vura bilməyən tərəflər qalibi penaltilərlə müəyyənləşdirdilər ki, İtaliya daha üstün oldu – 4:2. Yarımfinalda isə Almaniya ilə qarşılaşma 2:1 hesablı qələbə ilə başa çatdı.
İspaniya millisinə gəlincə, bu komanda İtaliya ilə heç-heçədən sonra İrlandiyanı 4:0, Xorvatiyanı 1:0 məğlub etdi. İspanların növbəti qurbanı 1/4 finalda Fransa oldu – 2:0. Yarımfinalda isə Portuqaliya ilə görüşün əsas və əlavə vaxtında qol vurulmayınca, penaltilərə müraciət olundu ki, bu zərbələri də ispanlar daha dəqiq yerinə yetirdilər – 4:2.
AÇ-2012
Final
1 iyul
İSPANİYA – İTALİYA - 4:0 (2:0)
Qollar: D.Silva, 14 (1:0), Alba, 41 (2:0), Torres, 84 (3:0), Mata, 90 (4:0)
Baş hakim: Pedro Proensa (Portuqaliya).
Ukrayna. Kiyev. “Olimpiya” stadionu.
İSPANİYA: Kasilyas (k), Pike, Buskets, Arbeloa, Alba, S.Ramos, Xavi, Xabi Alonso, İnyesta (Mata, 88), Fabreqas (Torres, 75), D.Silva (Pedro, 58).
İTALİYA: Buffon (k), Kyellini (Balsaretti, 21), Abate, Barzaqli, Bonuççi, De Rossi, Pirlo, Markizio, Montolivo (T.Motta, 56), Kassano (Di Natale, 46), Balotelli.