Boyanka Kostova üçüncü dəfə Avropa çempionu oldu

Norveçin Fyorde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin aktivinə ilk qızıl medalı "Neftçi İdman Klubu”nun atleti Boyanka Kostova yazdırıb.
58 kq çəki dərəcəsində körpücük üzərinə çıxan dünya çempionu birdənqaldırma hərəkətində ilk yanaşmanı yerinə yetirməklə qızıl medalı təmin edib. Belə ki, öncə 95 kq ağırlığı ram edən idmançımız ardınca hər cəhdində sifarişini 5 kq artırıb və bu hərəkəti 105 kq çəkinin öhdəsindən gəlməklə bitirib. Bununla da Kostova ən yaxın izləyicisini 15 kq qabaqlayıb. Təkanla qaldırmada da təmsilçimiz aşkar favorit olduğunu isbatlayıb. Öz çəkisində Avropa və dünya rekordlarının sahibi olan atletimiz əvvəlcə 120 kq, ardınca isə 130 kq ağırlığı başı üzərinə qaldırıb. Üçüncü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən idmançımız ondan imtina edib. Toplamda 235 kq (105 kq + 130 kq) nəticə göstərən Boyanka Kostova üçüncü dəfə Avropa çempionluğunu qazanıb.
Qeyd edək ki, ikinci yeri tutan İrina-Lasramioara Lepsa (Rumıniya) atletimizdən 30 kq (88 kq + 117 kq) az qaldırıb.