Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər.
Bu gün “Lənkəran-Zirvə” atleti, ötən il İsveçin Landskrona şəhərində keçirilən 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyinin qalibi və rekordçusu Səbinə Əzimova yaşı 17-yə qədər olan qızların 48 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.
Səbinə birdən qaldırma hərəkətində 65 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropa 3-cüsü ola bilib. Təkanla qaldırma hərəkətində 87 kq-ı ikinci yanaşmasında qaldıran “Lənkəran-Zirvə” təmsilçisi elə bu cəhddəcə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.
Səbinə toplam 152 kq (65+87) nəticə göstərərək karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.