İntiqam Zairov: Kimə nəyi sübut edə bilərsən? Hər şey onların əlindədir

Ötən il ABŞ-da keçirilən dünya çempionatından sonra 6 ağır atletimiz dopinqə düşdü. Onlardan götürülən dopinq-testin A nümunəsi müsbət çıxdı. Ancaq hələ də B nümunəsinin cavabı açıqlanmayıb. Bu səbəbdən dünya çempionatında qazandığımız 4 lisenziyanın taleyi hələ də qeyri-müəyyəndir. Dopinqli çıxan atletlərdən İntiqam Zairov (94 kq) azerisport.az saytına müsahibəsində nikbin danışıb.
- Hazırda nə işlə məşğulsan?
- Məşqlərimi davam etdirirəm. Yığmanın tərkibində Şüvəlandakı bazada hazırlıq keçirəm. Bütün heyət bir yerdədir.
- B nümunəsinin cavabı hələ də açıqlanmayıb. Dopinq məsələsinə nə vaxt aydınlıq gələcək?
- Bu ayın 15-dən sonra cavabın açıqlanacağı gözlənilir. Beynəlxalq Ağır Atletika Federasiyasının Bakıda iclası keçiriləcək. Bundan sonra nəticələrin açıqlanacağı deyilir. Açığı, müsbət cavab gözləyirik. Ən pis halda 1 illik cəza veriləcəyini düşünürəm.
- Söz-söhbət gəzir ki, B nümunəsinin nəticəsi Olimpiadadan sonra açıqlanacaq. Bu səbəbdən 4 lisenziyamız əlimizdən alınmayacaq...
- Bilmirəm. Mən bu barədə eşitməmişəm.
- Zülfüqar Süleymanov 2 dəfə dopinqli çıxdığı üçün ömürlük diskvalifikasiya olundu. Səni də bu aqibət gözləyə bilər.
- Yox. Mən belə düşünmürəm. Maksimum 1 il cəza veriləcəyini fikirləşirəm. Ömürlük cəzalandıra bilməzlər. O qədər 2-ci dəfə dopinqli çıxıb, karyerasını davam etdirənlər var ki.
- Bilməyərəkdən dopinq qəbul etdiyini sübut olunsa, cəzan yüngülləşər?
- Əlbəttə. Burda mənlik bir şey yoxdur. Məsuliyyəti o zaman baş məşqçi olan polşalı Miroslav Çoroş daşıyırdı. Dünya çempionatına yollanmazdan əvvəl 2 dəfə burda dopinq-testdən keçmişdim. "Təmiz" çıxmasaydım, yarışa gedərdim? Kimsə özünü göz görə-görə tankın altına atar?
- Bəs necə oldu ki, DÇ-dən sonra verdiyin test müsbət çıxdı?
- Nə bilim? Kimə nəyi sübut edə bilərsən? Hər şey onların əlindədir. Laboratoriyaya girə bilməzsən ki, həqiqəti öyrənəsən. Gəl indi sübut elə ki, dopinq qəbul etməmisən.
- Məsuliyyəti polşalı məşqçinin üstünə atdın. Bəs Nizami Paşayevin günahının olduğunu düşünmürsən?
- Yox. O mənim dostumdur. Birgə məşq etmişik, komanda yoldaşı olmuşuq. Ondan özümə qarşı mənfi bir şey görməmişəm. Kimsəyə pislik etməmişəm ki, kimsə də mənə pislik etsin.
- Hərdən bu problemlərə görə təəssüflənirmisən ki, kaş zamanında başqa idman növüylə məşğul olardım?
- (Gülür) Mən 17 ilimi ağır atletikaya vermişəm. Hazırda 31 yaşım var. Tale elə gətirdi ki, bunlar başıma gəldi.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir