Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu. Azerisport.az saytına müsahibəsində idmançı günahı IWF-nin prezidenti Tomaş Ayana yüklədi:
- 8 illik idmandan uzaqlaşdırılmağın sənə necə təsir etdi?
- Nə deyə bilərəm ki? Hələ də şokdayam. Çox pis olmuşam.
- Cəzanın başa çatmasını gözləyib, karyeranı davam etdirəcəksən?
- Həmin müddət başa çatanda 30 yaşı olacaq. Fikirləşirəm ki, nə vaxtsa körpücüyə bir daha çıxacam. Bu, gec, ya tez baş verəcək. Buna əminəm. İdmanı atmağı qətiyyən fikirləşmirəm. Məşqləri davam etdirəcəm.
- İkinci dəfə dopinqdə ilişdin. Bu, sənin, yoxsa məşqçilərin günahıdır?
- Bu məsələdə mənim heç bir günahım yoxdur. Bu işdə bir nömrəli günahkar Tomaş Ayandı. O bilə-bilə bizi dopinqə salıb. Ermənidi deyə bizimlə prinsip aparır. Məşqçilərimizin günahkar olduğunu düşünmürəm. Dünya çempionatından 10 gün əvvəl Gənclər və İdman Nazirliyindən gəlib, dopinq-test götürdülər. Daha sonra Türkiyədən gəlib yoxladılar. Hər iki halda təmiz çıxmışdım. Dünya çempionatına gedib bürünc medal qazandım. Ordan qayıtdıq, sonra qərar çıxardılar ki, guya 6 idmançımız dopinqli olub. Əslində hamımız təmiz idik.
- Olimpiadadan sonra appelyasiya veriləcəyi gözlənilir. Cəzanın azalacağına inanırsan?
- Çalışacaqlar ki, cəza müddəti 4 ilə salınsın. AAAF-ın prezidenti Cahangir Əsgərov bu məsələdə bizə kömək edəcəyini söyləyib. 4 ildən sonra idmana qayıdıb, yüksək nəticələrə imza ata bilərəm.