Erməni atletləri Bakıda?
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) Bakıda Dünya çempionatı keçirmək fikrindədir. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılovun sözlərinə görə, AAF Beynəlxalq Federasiyanın rəhbəri Tomaş Ayana müraciətlə 2014-cü il dünya çempionatını Bakıda təşkil etmək istəyir.
Bu gün üçün milli federasiyanın IWF müraciət göndərib-göndərmədiyi məlum deyil.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Tomaş Ayan Bakıda olmuş və ölkəmizdə dünya çempionatının keçirilməsinə razılıq vermişdi. Amma erməni idmançılarının təhlükəsizliyi ilə bağlı məsələ ortaya çıxınca, yarışdan imtina edilmişdi.
Bu dəfə vəziyyət fərqlidir və bu cür problemlərin ortaya çıxacağı inandırıcı görünmür. Hər halda, erməni idmançılarının Bakıya səfərləri artıq heç kəsi təəccübləndirmir.