Perudakı ən yaxşı göstəricimiz 5-ci yer oldu
19 may 2011 01:54

Perunun Lima şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, yığma komandamız bu yarışda 3 idmançı ilə təmsil olunub.
Bəribaşdan qeyd edək ki, hər üç ağırlıqqaldıranımız ilk dəfə idi ki, beynəlxalq yarışlarda iştirak edirdilər. 50 kq çəki dərəcəsində yığmamızı Bakı Təhsil İdman mərkəzinin yetirməsi Allahyar Abışov təmsil edib. Məşqçi Soltan Kərimovun yetirməsi bu yarışda 174 kq (78+96) nəticə göstərərək 9-cu yerlə kifayətlənib. Yeniyetmə atletimiz son Respublika birinciliyində göstərdiyi nəticəni bir qədər də yaxşılaşdırıb.
69 kq çəki dərəcəsində isə komanamızı Bakı Təhsil İdman mərkəzinin yetirməsi Tofiq Allahverdiyev təmsil edib. O, 241 kq (106+135) nəticə ilə 21 atlet arasında 11-ci yeri tutub.
85 kq çəki dərəcəsində çıxış edən son idmançımız Mirhüseyn Hüseynov isə medala çox yaxın olsa da, sonda 5-ci yerlə kifayətlənməli olub. Xırdalan şəhəri Zirvə İdman Klubunun yetirməsi olan idmançı 281 kq (127+154) nəticə göstərib.