Azərbaycan AÇ-də 4-cü qızıl medala sevindi
25 avqust 2011 17:53

Yeniyetmələr arasında 9-cu Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Polşanın Çexanov şəhərində keçirilən yarışda həmyerlimiz Elxan Əliquluzadə də körpücük üzərinə qalxıb. “Zirvə” İdman Klubunu yetirməsi iki hərəkətin cəmində bürünc medala yiyələnib. Ancaq təkanla qaldırmada ona çatan olmayıb.
Lənkəranlı idmançı birdən qaldırmada medal qazana bilməyib. Ancaq burada çox diqqətçəkən məqam olub. Belə ki, 16 yaşlı gəncimiz erməni ağırlıqqaldıran Harutyun Kadımyanı ilk cəhddəcə üstələyib. Düşmən ölkənin idmançısı üç cəhddə ən çoxu 110 kq qaldırıb. Elxan Əliquluzadə isə elə ilk cəhdində 112 kq çəkini başı üzərinə qaldırıb və düşmənimizə yerini göstərib.
Bir gün əvvəl həmyerlisi – Lənkəranlı Paşa İbrahimlinin (o, hər iki növdə, eyni zamanda toplamda – cəmi üç qızıl medal qazanmışdı) uğurunu davam etdirə bilməyən Əliquluzadə, 116 kq çəkini qaldıra bilməyib. Elxanın bunun üçün ikinci dəfə körpücüyə qalxması da öz bəhrəsini verməyib və idmançımız 4-cülüklə kifayətlənməli olub.
Ruhdan düşməyən pəhləvanımız təkanla qaldırmada əsl fırtına kimi əsib və rəqiblərinə aman verməyib. İlk cəhdində 137, daha sonra isə 146 kq-ı başı üzərinə qaldıran Əliquluzadə bu növdə qızıl medal qazanıb.
152 kq çəki sifariş edərək ümumi hesabda da qızıl medal qazanmaq istəyən Elxan Əliquluzadənin bu cəhdi uğursuz alınıb.