AÇ-də uğurun davamı gəlmədi
26 avqust 2011 13:21

Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasında 9-cu Avropa çempionatında daha bir idmançımız körpücük üzərinə çıxıb. Azerisport.az xəbər verir ki, “Zirvə” İdman Klubunun yetirməsi olan Ceyhun Tağızadə 69 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırmada 115 kq nəticə göstərərək 6-cı olub. Təkanla qaldırmada 140 kq çəkini başı üzərinə qaldıran ağıq atlet 8-ci nəticə göstərib. Ancaq bu onun toplamda 6-cı yeri tutması üçün yetərli olub.
255 kq (115+140 kq) nəticə göstərən Ceyhun Tağızadənin çəkisində birinci yerə 289 kq (131+158 kq) çəkinin öhdəsindən gələn belaruslu İvan Klim çıxıb.
Təbii ki, bu, digər çəki dərəcələri ilə müqayisədə heç də yaxşı nəticə sayılmamalıdı. Səbəb isə çox sadədi. Azərbaycanın bu çəkidəki ən güclü idmançısı, Avropa çempionumuz, bir neçə gün əvvəl 5-ci “Zirvə Kuboku”nda dünya rekordunu təzələyən Firudin Quliyev yarışa çox gülünc səbəbdən aparılmayıb. Firudin Quliyev, eləcə də Mirhüseyn Hüseynov (bu idmançı “Zirvə Kuboku”nun bürünc mükafatçısıdı) da Polşaya aparılsaydı, Azərbaycan yığması komanda hesabında Avropa çempionu da ola bilərdi. Əvəzində isə ən güclü idmançımızın çəkisində erməni idmançı medal qazandı. Ceyhun Tağızadənin 6-cı olduğu çəkidə Andranik Karapetyan üçüncü olaraq bürünc medal əldə etdi. Bu həmin Karapetyandı ki, Firudin Quliyev bir il əvvəl onun burnunu ovaraq millimizin himnini dinləməyə və bayrağımızın yüksəlməsinə tamaşa etməyə məcbur etmişdi.