AÇ-dən uğurla dönən yığmamızın üzvləri Bakıda coşquyla qarşılandı
16 sentyabr 2011 02:41

Rumıniyanın paytaxtı Buxarest şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların son günündə Xırdalan “Zirvə” İdman Klubunun yetirməsi olan Mirhüseyn Hüseynov B qrupunda yarışlara qatılıb.
Həm birdən, həm də təkanla qaldırmada rəqiblərinin hamısından daha ağır çəkini başı üzərinə qaldıran idmançımız ümumi nəticədə də birinci yeri tutub. Mirhüseyn birdən qaldırmada əvvəlcə 125 kq, daha sonra isə 130 kq-ın öhdəsindən gəlib. 133 kq-ı başı üzərinə qaldıra bilməsə də, Mirhüseynov birdən qaldırmada birinci olub. Təkanla qaldırmada da ilk iki cəhdi uğurlu alınıb – 152 kq və 165 kq. Sonuncu cəhdində 168 kq sifariş verən idmançımız bunu qaldıra bilməsə də, bu hərəkətdə birinci yeri tutub. Toplamda 295 kq (130 kq+165 kq) nəticə göstərən Mirhüseyn Hüseynov B qrupunda ümumi hesabda birinci yerə sahib çıxıb və öz şəxsi nəticəsini xeyli yaxşılaşdırıb.
Artəq Avropa çempionatında iştirak edən milli komandamız vətənə dönüb. İdmançılarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük təntənə ilə qarşılanıb. Xüsusilə, 69 kq çəki dərəcəsində bürünc medal qazanmaqla yanaşı, təkanla qaldırma hərəkətində 173 kq-ı qaldıraraq dünya rekordunu yeniləyən Firudin Quliyev diqqət mərkəzində olub. Müsahibə verən gənc atletimiz bu nəticəyə görə sevindiyini, onu qarşılamağa gələn hər kəsə minnətdarlığını bildirib. Məşqçilər, klub və federasiya rəhbərliyinə təşəkkürünü çatdıran Quliyev, uğurlarını gələcəkdə də davam etdirməyə söz verib.
Firudinin təmsil etdiyi “Zirvə” İdman Klubunun baş məşqçisi Hafiz Süleymanov yetirməsindən razılığını dilə gətirib. Quliyevin yeniyetmələr arasında dünya rekordunu yeniləməyini böyük uğur kimi qiymətləndirən məşqçi, əzm və çalışqanlığın gətirdiyi bu qələbəyə sevindiyini qeyd edib.
İdmançılarımızı qarşılamaq üçün Hava Limanına gedən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov da ürək sözlərini bölüşüb. O, gənclərimizin qazandığı uğurları müsbət qiymətləndirib və onların bu nəticələrinin vaxt ötdükcə daha da artacağına inandığını bildirib.