Avropa çempionatı: daha 2 idmançımız çempion oldu (FOTOLAR)
12 aprel 2012 01:53

Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ilk gündə olduğu kimi aprelin 11-də, yarışın üçüncü günündə də millimiz uğurlu nəticə göstərib.
Qadınların mübarizəsində Boyanka Kostova (58 kq) 2 hərəkətin cəmində 175 kq (78 kq + 97 kq) ağırlığın öhdəsindən gələrək Avropa çempionu adını qazanıb. Bu, gün ərzində son qələbəmiz olmayıb.
A qrupunda iştirak edən Əfqan Bayramov (69 kq) birdən qaldırmada 143 kq nəticə göstərərək 7-ci olub. O, vəziyyətini təkanla qaldırma proqramında düzəldib. 178 kq ağırlığın öhdəsindən gələn idmançımız, ümumi hərəkətdə 321 kq-la yarışın baş mükafatına sahib çıxıb.
Xatırladaq ki, ilk gündə Valentin Xristov (56 kq) qızıl və Silviya Angelova (48 kq) bürünc medal qazanmışdı. Xanım atletlərimiz yaxşı çıxış edəcəkləri halda, London olimpiadasına 1 vəsiqə qazanacaqlar. Əldə olunmuş nəticələr, bunu gerçəkləşdirəcəyimizə imkan verir.