Valentin Xristov: Buna nail olduğuma görə çox şadam
12 aprel 2012 15:33

Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında uğur qazanmış Valentin Xristov Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Avropa çempionu oldun. Təəssüratların necədir?
- Hər şey çox gözəldi. Avropa çempionu adını qazanmaq çox gözəl hissdi. Buna nail olduğuma görə çox şadam. Qələbə üçün möhkəm çalışmış, yarışa ciddi hazırlaşmışdım. Əməyimin bəhrəsini gördüm.
- Qızıl medalları qazanmaqla yanaşı, həm də gənclər arasında üç Avropa rekordunu yenilədin...
- Bu rekordları vacib saymıram. Hədəfim gənclər yox, böyüklər arasında dünya və Avropa rekordlarını yeniləməkdir. Hələ gəncəm. Yetərincə gücüm və zamanım var. Çalışıb, bunu da edəcəyəm.
- Çempion olmağında daha kimlərin rolu vardır?
- Biz bir ailəyik. Azərbaycan Ağır Atletika Federasiyasında mənə olan münasibətdən çox razıyam. Prezidentimiz cənab Cahangir Əsgərova, icraçı direktorumuz İsgəndər Əsgərov və məşqçim Zlatan Vanevə dəstəklərinə görə təşəkkür edirəm.
- Azərbaycan xalqına demək istədiyin bir söz varmı?
- Çox sağ olsunlar. Azərbaycan xalqına dərin minnətdarlığımı bildirir, onlara təşəkkür edirəm.