Yığmamız qızıl medal sayını yeddiyə çatdırdı
7 iyun 2012 00:36

Xəbər verdiyimiz kimi, Lənkəran şəhər İdman Olimpiya Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, ötən gün turnirdə növbəti qaliblər müəyyənləşib.
Dünənə qədər Azərbaycan milli komandası 1 qızıl və 2 gümüş medal qazana bilmişdi. Ötən gün öncə qadın atletlər qüvvələrini sınayıblar. Qadın atletlərimiz gözəl mübarizə apararaq birdən-birə 4 qızıl medal qazanıblar. Səbinə Rzayeva, Təranə Abbasova, Xatirə Şahverdi və İradə Qədirova öz yaş qrupu və çəki dərəcələrində fərxi kürsünün ən yüksək pilləsinə qalxıblar.
Daha sonra körpücük üzərinə kişi idmançılarımız çıxıb. M-4 yaş qrupunda mübarizə aparan atletlərimizdən ikisi - Akif Alıyev və Miryasin Ağayev də qızıl medal qazanıblar.
Bununla da komandamızın bir gündə qazandığı qızıl medal sayı 6-ya, bütövlükdə isə 7-yə çatıb.