Azərbaycanlı atlet qitə çempionu oldu (FOTO)
28 avqust 2012 15:12

Rumınıyanın Buxarest şəhərində ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində Valeh Baxşalızadə mübarizəyə qoşulub. Sevindiricidi ki, gənc atletimiz Avropa çempionu olmağı bacarıb!
Valeh birdən qaldırma hərəkətinə uğurlu başlayıb. Əvvəlcə 83 kq-ı başı üzərinə qaldıran 15 yaşlı idmançımız, daha sonar 88 kq-ı ram edib. Son cəhdində 91 kq- sifariş versə də, qaldıra bilməyib və bu hərəkətdə üçüncü yeri tutub.
Təkanla qaldırma hərəkəti idmançımız üçün daha yaxşı keçib. “Zirvə” İdman Klubunun yetirməsi olan Baxşəlizadə ilk cəhdində 111 kq-ı qaldırıb. Daha sonra 116 kq-ı ram edən Valeh bununla Avropa çempionluğunu rəsmiləşdirib. 3-cü cəhdində sifariş verdiyi 120 kq-ı qaldıra bilməməsinin heç bir əhəmiyyəti qalmayıb.
Beləliklə, toplamda 204 kq (88 kq + 116 kq) nəticə göstərən Valeh Baxşəlizadə, ən yaxın izləyicisi olan rusiyalı atleti 5 kq qabaqlayaraq Avropa çempionu olub!