Azərbaycan atleti Avropa çempionatında bürünc medal qazandı
1 sentyabr 2012 00:36

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində Azərbaycan ağırlıqqaldıranı Elxan Əliquluzadə (69 kq) bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, birdənqaldırma hərəkətinə 122 kq-la başlayan idmançımız bu çəkini yalnız ikinci yanaşmada ram edə bilib. Daha sonra sifariş verdiyi 128 kq-ı da qaldıran Əliquluzadə bu hərəkətdə 4-cü yeri tutub.
Təkanla qaldırmaya uğurla başlayan 16 yaşlı atletimiz 160 kq-ın öhdəsindən gələ bilib. Elxan sonradan 166 kq sifariş versə də, iki yanaşmada onu qaldıra bilməyib. Ancaq bu çəki onu təkanla qaldırmada ikinci yerə çıxarıb.
Cəmi 288 kq (128 kq + 160 kq) nəticə göstərən gənc idmançı, Avropa çempionatının bürünc medalına yiyələnib.