Tarixi nəticə! Azər Məmmədli DÇ-də gümüş medal qazandı!
23 sentyabr 2012 00:44

Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, son yarış günündə milli komandamızın üzvlərindən Azər Məmmədli körpücük üzərinə çıxıb və tarixi uğur qazanıb.
O, +94 kq çəki dərəcəsində yarışıb. Birdən qaldırma həkərətinə yaxşı başlayan gənc atletimiz əvvəlcə 143 kq, daha sonra isə 148 kq-ı başı üzərinə qaldırıb. Son yanaşmasında 150 kq-ı ram edə bilməyən Məmmədli, bu hərəkətdə 3-cü yerə çıxıb.
Təkanla qaldırma hərəkəti də əla keçib. Əvvəlcə 179 kq, daha sonra isə 185 kq-ı rahat qaldırmağı bacaran idmançımız, 188 kq sifariş verərək onu da ram edib. “Zirvə” İdman Klubunun yetirməsi bu nəticəylə təkanla qaldırma hərəkətində 2-ci yeri tutub.
Toplamda 336 kq (148 kq + 188 kq) nəticə göstərən Azər Məmmədli yeniyetmələr arasında dünya çempionatının gümüş medalçısı olub.
Maraq üçün xatırladaq ki, müstəqil Azərbaycan Respublikasının Ağır Atletika tarixində indiyə qədər, yeniyetmələrin yarışında belə bir nəticə qazanılmamışdı.