Milli komandamız Naxçıvanda təlim-məşq toplanışına başladı
23 oktyabr 2012 00:41
Gələn il aprelin 6-dan 13-dək Özbəkistanın paytaxtı Daşkənddə ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yarış eyni zamanda Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Xatırladaq ki, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Nicat Rəhimov 69 kq çəki dərəcəsində uğurla çıxış edərək, bir qızıl medal qazanmışdı.
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları ikinci olimpiadaya lisenziya qazanmaq üçün qarşıdakı dünya birinciliyinə daha ciddi hazırlaşırlar. Bu məqsədlə yığma komandamız baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən Olimpiya İdman Kompleksində təlim-məşqlərə başlayıblar.
Noyabrın 3-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı cəlb edilib.