Azərbaycan AÇ-nin ilk günü 3 medala sevindi
9 aprel 2013 00:02

Albaniyada kişilər və qadınlar arasında Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən idmançılar da iştirak edəcəklər.
Atletlərimizdən ilk olaraq Silviya Angelova gücünü sınayıb. O, 48 kq çəki dərəcəsində mübarizə aparıb.
Bir il əvvəl – Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan qadın idmançımız nəticəsini daha da yaxşılaşdıraraq böyük uğur qazanıb. Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa ikincisi olub.
Birdən qaldırma hərəkətində əvvəlcə 75 kq, sonra isə 80 kq-lıq ştanqları başı üzərinə qaldırmağı bacaran Angelova, 82 kq-ı ram edə bilməyib. Silviyanı bu hərəkətdə gümüş medaldan cəmi 1, qızıldan 2 kq ayırıb. İdmançımız 3-cü olaraq kiçik bürünc medal qazanıb.
Angelova təkanla qaldırma hərəkətinə də uğurla başlayıb. 95 kq çəkini sifariş verən idmançımız onun öhdəsindən gəlməklə həm bu hərəkətdə, həm də ümumi sıralamada bürünc medalı təmin edib. Daha sonra sifariş verdiyi 99 kq-ı da uğurla qaldıran Silviya, təkanla qaldırmada qızıl, toplamda isə minimum gümüş medalı təmin edib. 101 kq-a gələn idmançımız bunu da qaldırsaydı, Avropa çempionu adını qazana bilərdi. Təəssüf ki, bu baş tutmayıb. Çəkini ram edə bilməyən Angelova bu şansı qaçırıb. Buna baxmayaraq, Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə göstərərək gümüş medal qazanıb və ölkəmizi layiqincə təmsil etməyi bacarıb.
Beləliklə, milli komandamız Avropa çempionatına birdən-birə üç – iki kiçik, bir böyük medalla (aktivimizə bir qızıl, bir gümüş, bir də bürünc medal yazıldı) start verib. Angelovanın nümayiş etdirdiyi xarakteri alqışlamağa dəyər. Təcrübəsindən maksimum yararlanan qadın atletimiz birdən qaldırmada əldən verdiyi üstünlüyü təkanla qaldırmada geri qaytardı və Avropa çempionatının gümüş mükafatçısı adını qazandı.