Xristov Avropa çempionu oldu, Süleymanovdan bürünc medal!
10 aprel 2013 00:48

Albaniyada kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparmışdı və böyük uğur qazanaraq gümüş medala sahib çıxmışdı.
Ötən gün isə kişilər mübarizəyə qoşuldular. 62 kq çəki dərəcəsində birdən-birə iki atletimiz – Valentin Xristov və Zülfüqar Süleymanov medal qazanmaq üçün körpücük üzərinə çıxıblar. Onlara böyük ümidlər bəsləyirdik. Və bu ümidlər əbəs olmadığı üçün doğruldu!
Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov Tiranaya ünvanını qorumaq üçün gəlmişdi. Londondakı XXX Yay Olimpiya Oyunlarında bürünc əldə edərək, müstəqillik dövrümüzdə ilk Olimpiya medalımızı qazanan gənc atlet bu dəfə də istəyinə nail oldu. Çox gənc olmasına baxmayaraq, rəqibləriylə nəinki başabaş mübarizə aparan, hətta onları bir baş üstələyən atletimiz artıq ikiqat Avropa çempionudu!
Təcrübəli Zülfüqar Süleymanov isə ayrıca xoş sözlərə layiqdi. Uzun müddət diskvalifikasiya üzündən yarış meydanlarından kənar qalan atletimiz geri dönəndən qısa vaxt sonra belə böyük uğuru qazandı. Əslində, bu nəticə onun üçün yad deyil. 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında 3-cü yeri tutan Süleymanov, bir il sonra Minskdəki AÇ-də 2-ci ola bilmişdi. Üç illik fasilədən sonra beynəlxalq körpücük üzərionə qayıdan Zülfüqar, böyük əzm nümayiş etdirərək Albaniyada Avropa çempionatının bürünc medalını boynundan asmağı bacardı.
Yarışın təfərrüatına gəlincə, birdən qaldırma hərəkətində Zülfüqar Süleymanov əvvəlcə 127 kq, daha sonra isə 130 kq çəkili ştanqı rahatlıqla başı üzərinə qaldırdı. Ancaq təəssüf ki, idmançımız 132 kq-ı ram edə bilmədi. Bununla da, təcrübəli atlet bu hərəkətdə 4-cü yerlə kifayətləndi.
Ondan fərqli olaraq gənc Valentin Xristov startı 133 kq-dan verdi və uğurla işinin öhdəsindən gəldi. Daha sonra 137 kq sifariş verən idmançımız, bu çəkini də ram etdi. Xristov 140 kq-ı qaldıra bilməsə də, bu hərəkətdə Avropa qızılını təmin etdi.
Təkanla qaldırma hərəkətində Zülfüqar Süleymanov daha yaxşı çıxış edə bildi. Baxmayaraq ki, hərəkət onun üçün uğur başlamamışdı. 160 kq çəkini yalnız ikinci yanaşmada ram edə bilən təcrübəli ağırlıqqaldıranımız, bunun hesabına bu hərəkətdə bürünc medala sahib çıxdı. Medalı təmin edən atlet 3-cü yanaşmadan imtina etdi.
Valentin Xristov da bu hərəkətdə 3-cü yanaşmasından imtina etdi. Ancaq o, buna qədər qızıl medala sahib çıxmışdı. Əvvəlcə 170 kq, sonra isə 175 kq-ı ram edən gənc atlet hamıdan güclü olduğunu sübut etdi.
Beləliklə, toplamda 290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü, Valentin Xristov isə 312 kq-la (137 kq + 175 kq) çempion adına layiq görüldülər.