Atletimiz Avropa çempionatını 4-cü pillədə başa vurdu!
12 aprel 2013 21:30

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı yavaş-yavaş sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 2 gümüş (Silviya Angelova 48 kq və Sərdar Həsənov 69 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada Rusiya yığmasından (3-1-0) geri qalır.
Milli komandamızın üzvlərindən daha biri – Alyona Kiriyenko bu gün körpücük üzərinə çıxıb. O, qadınlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb.
Birdən qaldırma hərəkətində atletimiz ilk olaraq 93 kq-ın öhdəsindən gəlib. Ancaq təəssüf ki, sonra sifariş verilən çəki – 96 kq Alyona üçün ağır olub və Kiriyenko bu çəkini iki yanaşmada ram edə bilməyib. Bu nəticə ona bu hərəkətdə 7-ci olmaq imkanı verib.
Təkanla qaldırmada isə Alyona daha uğurlu çıxış edib. Atletimiz əvvəlcə 115 kq-ı rahatlıqla başı üzərinə qaldırıb. Daha sonra Kiriyenko bir qədər riskə gedərək çəkinin üstünə birdən-birə 8 kq artırıb. Ancaq atletimiz böyük əzmkarlıq nümayiş etdirərək bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmada 124 kq-ı ram edə bilməyən Kiriyenko, bu hərəkətdə 5-ci pillədə qərarlaşıb.
Toplamda 216 kq (93 kq + 123 kq) nəticə göstərən Alyona yekun sıralamada 4-cü yeri tutub. Nəzərə alsaq ki, ötən Avropa çempionatında o, yalnız 9-cu olmuşdu, bu ilki yarışı onun üçün uğurlu saymaq olar. Bir ildə 5 pillə irəliləyən atletimiz qarşıdakı yarışlarda daha yaxşı nəticələr, gələcəkdə ən azı bürünc medal uğrunda mübarizə aparmaq üçün ümid verdi.