İki atletimiz Türkiyədə qızıl medal qazandı
24 aprel 2013 18:52
Hər il Türkiyənin Konya vilayətində təşkil olunan “Beynəlxalq Rumi Uşaq İdman Oyunları”nın sayca 3-cü yarışı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışlarda bir çox idman növləri arasında birincliklər keçirilib.
23 ölkədən 290 idmançının qatıldığı yarış 19-24 aprel tarixləri arasında keçirilib. Yarışlardan yalnız yaşı 15 və aşağı olan idmançıları iştirak ediblər. Onlar atletizm, velosiped idman, gimnastika, ağır atletika, karate, şahmat və taekvando növlərində güclərini sınayıblar.
Ağır atletika yarışlarında Azərbaycanı iki idmançı təmsil edib. Əvvəlcə onu qeyd edək ki, ağır atletika yarışında 7 ölkədən (İtaliya, Rumıniya, Bosniya, Azərbaycan, Kosovo, Çexiya, Slovakiya), Türkiyə yığması və Konya vilayətindən 12 qız, 26 oğlan atlet qatıldı. Qızlar 44 və 48 kq-da, oğlanlar isə 50, 56 və 62 kq-da yarışdılar. “Zirvə” İdman Klubunun yetirmələri olan Ruslan Rzazadə və Rüstəm İmanzadə isə körpücük üzərinə çıxaraq ölkəmizi layiqincə təmsil ediblər.
İlk olaraq yarışa Ruslan Rzazadə qoşulub. 50 kq çəki dərəcəsində mübarizə aparan gənc atletimiz möhtəşəm çıxış edərək rəqiblərini xeyli qabaqlayıb. Birdən qaldırmada 73 kq, təkanla qaldırmada isə 90 kq nəticə göstərən Rzazadə toplamda 163 kq-la qızıl medala yiyələnib. O, ən yaxın rəqibini düz 17 kq qabaqlayaraq, gücünü ortaya qoyub.
Rüstəm İmanzadə də çempion olub. O, 62 kq çəki dərəcəsində toplamda 214 kq nəticə nümayiş etdirərək, birinci yerə çıxıb. Rüstəm birdən qaldırmada 98 kq, təkanla qaldırmada isə 116 kq-lıq ştanqları qaldırıb. O, ən yaxın rəqibi – rumıniyalı Yonut Klimeskunu 4 kq qabaqlayıb.